CƏMİYYƏT
Polis veteranlarının gənclərlə görüşləri maraqlı keçib
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycanın bütün bölgələrində polis veteranlarının cinayətkarlıqla mübarizədə, asayişin, əmin-amanlığın qorunmasında, eləcə də gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında fəaliyyətinin güclənməsi müşahidə edilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov Göygöl, Ağstafa və Qazax rayonlarında olub, polis şöbələrinin şəxsi heyəti və həmin bölgələri təmsil edən ictimaiyyətin, gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb.
“Milli vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilən görüşlərdə F.Süleymanov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi gənclər siyasəti, gənc nəslə diqqət və qayğısı gələcəyimizin qurucularına olan inam və etibarının ifadəsidir. Ulu Öndərimiz müstəqil düşüncəyə malik vətənpərvər nəslin yetişməsini qürur hissi ilə ifadə edərək deyirdi: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
F.Süleymanov deyib ki, Azərbaycan xalqı qəhrəmanlıq ənənələrinə daim sadiqdir, Vətənini qorumağa hazır olan mətin gənclər yetişdirir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan qəhrəman oğul və qızlarımızın hünəri yaddaşlarda yaşayacaq. Gənc nəsil xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür.
Tədbirdə iştirak edən DİN-in Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Laçın Paşayev polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından belə görüşlərin əhəmiyyətindən danışıb.
Görüşlərdə, həmçinin dini ekstremizmin, radikal cərəyanların, separatçı meyillərin, cəmiyyətin insanlıq əleyhinə cinayət, birgəyaşayış qaydalarına zidd olması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinin zərəri, erkən nikahların fəsadları və digər mövzulara da toxunulub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.