CƏMİYYƏT
Poliuretan üzlüklər təhlükəsiz materiallarla əvəz olunur VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarında süni material olan poliuretanla üzlənmiş binaların üzlüklərinin sökülməsi və dəyişdirilməsi işləri sürətlə davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda poliuretan materialla üzlənmiş binaların fasad hissəsinə “fibro sement” və “modelpan” adlı süni tikinti materiallarından hazırlanmış üzlüklər vurulur. Fövqəladə Hallar Nazirliyi “İzotop” xüsusi kombinatının radioloji laboratoriyası tərəfindən aparılmış müayinənin nəticəsinə əsasən, hər iki üzlüyün tərkibində süni radionuklidlər aşkar edilməyib. Müəyyən edilib ki, bu üzlüklərin tərkibindəki təbii radionuklidlərin xüsusi effektiv aktivliyi tikinti materialları üçün müəyyən olunmuş həddi aşmır və bu materiallar radiasiya təhlükəsizliyi qaydalarına əsasən, tikintinin bütün sahələrində məhdudiyyətsiz istifadə oluna bilər. Eyni zamanda, bu üzlüklər yanmayan materiallar qrupuna aiddir.