İDMAN
Polo üzrə birinci Avropa çempionatı ərəfəsində KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib VİDEO
Bakı, 3 sentyabr, AZƏRTAC
Bakıda keçiriləcək polo üzrə birinci Avropa çempionatı ilə əlaqədar sentyabrın 3-də “Bulvar” otelində KİV nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Əliyev sentyabrın 4-dən 12-dək keçiriləcək yarışlarda ölkəmizlə yanaşı, İtaliya, Almaniya, İsveçrə, İspaniya və İrlandiyadan 72 idmançının iştirak edəcəyini bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan paytaxtının polo üzrə beynəlxalq yarışların keçirilməsində artıq ikiillik təcrübəsi olduğunu nəzərə alan Beynəlxalq Polo Federasiyası belə irimiqyaslı və nüfuzlu turnirin təşkilini Bakıya etibar edib. Çempionat ARAF, “Elite horse and polo club” və “World polo”nun birgə təşəbbüsü ilə keçiriləcək.
Azərbaycan yığmasının məşqçisi Silvester Qarros deyib ki, komandamız bu idman yarışına hazırlaşmaq üçün artıq üçüncü aydır güclü məşqlər edir. O, çaparlarımızdan böyük uğurlar gözlədiklərini vurğulayıb.