SİYASƏT


Polşa Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişə mühüm əhəmiyyət verir

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Varşavada daha bir görüşü Polşa Respublikası Prezidenti Administrasiyasının dövlət katibi, Prezidentin kabinetinin rəhbəri Kşiştof Şçerski ilə olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub və bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Polşanın Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasını dəstəklədiyi və bu strateji sənədə mühüm əhəmiyyət verdiyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib və münaqişənin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələbləri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov, həmçinin Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin perspektivlərindən danışaraq, nəqliyyat sahəsində Polşa ilə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli fayda verə biləcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.