ELM VƏ TƏHSİL
Polşa Azərbaycan ilə təhsil sahəsində əlaqələrin inkişafında maraqlıdır
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) Polşa Elm və Təhsil Nazirliyinin baş mütəxəssisi Mixal Sobçik və bu qurumun ali məktəblər üzrə əlaqələndiricisi xanım Justyna Kulpa ilə görüş keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Nurlana Əliyeva Azərbaycan ilə Polşa arasında təhsil sahəsində əlaqələrin tarixindən, tələbə mübadilələrindən, rəhbərlik etdiyi təhsil ocağında fəaliyyət göstərən Polşa Dili və Mədəniyyəti Mərkəzinin gördüyü işlərdən danışıb.
M.Sobçik diqqətə çatdırıb ki, Orta Asiya və Qafqaz ölkələri, o cümlədən Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olan Polşa Elm və Təhsil Nazirliyi bu əməkdaşlığı genişləndirmək istiqamətində yeni layihələr həyata keçirir. O deyib: “İnanıram ki, BSU ilə əlaqələr bundan sonra daha da inkişaf edəcək”.
Sonra qonaqlar Polşa Dili və Mədəniyyət Mərkəzində polyak dilini və ədəbiyyatını öyrənən azərbaycanlı tələbələrlə görüşüblər. Söhbət zamanı tələbələr Justyna Kulpanın Polşanın tanınmış ədəbiyyat və sənət xadimləri barədə suallarını polyak dilində cavablandırıblar.