İQTİSADİYYAT
Polşa Azərbaycanla iqtisadi əməkdaşlığı aktivləşdirmək proqramının icrasına başladı
Bakı, 31 yanvar, Laçın Sultanova, AZƏRTAC
Polşa Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycanla iqtisadi əməkdaşlığın aktivləşdirilməsi proqramının həyata keçirilməsinə başladı.
Mayın 25-dək davam edəcək bu proqramın yerinə yetirilməsi ilə Polşanın “Agencja M Promotion” agentliyi məşğul olur.
Layihə üzrə köməkçi Katajina Boronovskaya AZƏRTAC-a müsahibəsində bildirib ki, proqramın icrasını Polşa Respublikasının Qazaxıstandakı səfirliyinin ticarət və investisiyaya yardım şöbəsi dəstəkləyir. Bu şöbə səfirliyin müvafiq sahələrdə Azərbaycan üzrə də kuratorudur.
Katajina Baranovskaya deyib: “Polşa ilə Azərbaycan arasında əməkdaşlıqda iqtisadiyyatın daha perspektivli sahələri inşaat, qida sənayesi və nəqliyyatdır. Bu proqramın məqsədi Polşa və Azərbaycan sahibkarlarına yeni tərəfdaş tapmaq və qeyd olunan sahələrdə ticarət əlaqələri qurmaq imkanlarını yaratmaqdır”.
Proqram üç maddədən ibarətdir. Birinci maddədə Azərbaycan iqtisadiyyatında inşaat və qida sektorunu təmsil edən sahibkarların Polşaya iki tədris-təcrübə səfərini təşkil etmək nəzərdə tutulub.
Bu barədə Katajina Baranovskaya deyib: “Hər səfərə Azərbaycandan beş sahibkarı dəvət etməyi planlaşdırırıq. Bu tədris-təcrübə səfərlərinin məqsədi iqtisadiyyatın müvafiq sahələrində Polşanın potensial sahibkarları ilə tanışlıqdır. Altı günlük səfər müddətində Azərbaycan sahibkarları Polşanın 24 sahibkarının B2B (biznes üçün biznes) görüşündə iştirak edəcəklər, onların fəaliyyət sektorunu təqdim edən üç şirkətin baş idarəsinə gedəcəklər. Bundan başqa, Azərbaycan sahibkarlarının Polşada fəaliyyət göstərən texnoloji park və xüsusi iqtisadi zonalarla tanış olmaq imkanı da qazanacaqlar. Ölkənizin sahibkarları üçün mədəni proqram da hazırlanacaq”.
Proqramın ikinci maddəsi ölkələrimiz arasında qida, inşaat və nəqliyyat sahələrində əməkdaşlığın aktivləşdirilməsi imkanlarının müzakirə ediləcəyi konfransların təşkilidir. Polşa Respublikasının İqtisadiyyat Nazirliyi belə konfransların təşkilinə xüsusi dəstək göstərir. K.Baranovskayanın sözlərinə görə, konfrans Polşanın eksport qida məhsullarının dequstasiyası ilə müşayiət olunacaq.
Proqramın üçüncü maddəsi Azərbaycanda ixtisaslaşmış nəşrlərdə reklam xarakterli məqalələrin köməyi ilə “Made in Poland ” piar-kampaniyasının təşkilini nəzərdə tutur.
Sonda “Ümid edirik ki, proqramın bütün maddələrinin yerinə yetirilməsi sahibkarlara Polşanın potensial sahibkarları ilə əlaqələr qurmağa əlavə imkan yaradacaq” - deyən Katajuna Baranovskaya onu da əlavə edib ki, “proqramın əsas məqsədi Polşa ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişaf etdirilməsidir”.
Xatırladaq ki, Polşa Azərbaycanı xüsusi perspektivli, potensial və qarşılıqlı mal mübadiləsinin inkişafı baxımından qiymətləndirdiyi 11 ölkədən ibarət qrupa daxil edib.