İQTİSADİYYAT
Polşa ali audit qurumu Hesablama Palatası ilə maraqlı sahələrdə öz praktik təcrübəsini paylaşmağa hazırdır
Bakı, 16 noyabr, AZƏRTAC
Polşa ali audit qurumu Azərbaycan Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi istiqamətində sıx əməkdaşlıq etməyə və bütün maraqlı sahələrdə öz praktik təcrübəsini paylaşmağa hazırdır.
Hesablama Palatasından AZƏRTAC-a bildiriblər ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Polşa Respublikasının Ali Audit Qurumu olan Ali Audit Ofisinin vitse-prezidentlərindən ibarət nümayəndə heyəti ilə görüşündə bildirilib.
Səfərin ilk günü qonaqlar Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
Qonaqlar Hesablama Palatasının muzeyi ilə tanış olublar. Palata sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının Ali Audit Qurumu olaraq Hesablama Palatasının fəaliyyəti ilə bağlı geniş məlumat verib.
Hesablama Palatasının sədr müavini və auditorları ilə keçirilən görüşdə hər iki qurumun fəaliyyəti perspektivləri, qarşılıqlı əməkdaşlıq istiqamətləri, eyni zamanda təcrübə mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə edilib. Müzakirə edilən əsas məsələlərdən biri Avropa İttifaqının Şərqi Qonşuluq Siyasəti çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Siyasətinin aləti olan Tvinninq layihəsi ilə bağlı olub. Belə ki, Polşa ali audit qurumu bu layihədə öz təkliflərini təqdim edib və Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi istiqamətində sıx əməkdaşlıq etməyə və bütün maraqlı sahələrdə öz praktik təcrübəsini paylaşmağa hazır olduqlarını ifadə edib.
Görüşdə hər iki qurumun nümayəndələri fəaliyyət istiqamətlərini əhatə edən təqdimatlarla çıxış ediblər.