DÜNYA
Polşa hərbçiləri Latviyada yerləşdiriləcək batalyonun tərkibinə daxil olacaq
Riqa, 8 iyul, AZƏRTAC
Polşa hərbi qulluqçuları gələn il Latviyada yerləşdiriləcək NATO qoşunları kontingentinin bir hissəsi olacaq. Bu barədə Polşanın “Naş dzennik” qəzeti məlumat verib.
Qəzet yazır ki, bu haqda qərar Varşavada keçirilən NATO Sammitində elan olunacaq. Bu qərarın detallarının sammit çərçivəsində iki ölkə prezidenti arasında danışıqların mövzusu olacağı gözlənilir.
İlkin məlumata görə, NATO Sammitində Polşada və üç Baltikyanı ölkədə hər biri təxminən min hərbçidən ibarət dörd çoxmillətli batalyonun yerləşdirilməsi barədə qərar təsdiq olunacaq. Onların 2017-ci ilin əvvəlində şərq cinahında yerləşdirilməsi və öz dövlətlərində tələb olunduğu qədər uzun müddət qalacağı gözlənilir.
Hər batalyonun çərçivə dövləti olacaq və bu dövlət həmin hərbi qüvvələrin formalaşması və komandalığına məsul olacaq. Batalyonlara ABŞ, Böyük Britaniya, Almaniya və Kanada rəhbərlik edəcək.
Latviyada belə bir aparıcı dövlət Kanada olacaq. “Naş dzennik”in məlumatına görə, polyaklardan başqa, Kanadanın rəhbərlik edəcəyi batalyona danimarkalılar, fransızlar və slovaklar daxil olacaq.
İlkin hesablamalara görə, Baltik ölkələrinin müdafiə xərclərinin ümumi daxili məhsuldakı payı bu il artıb və NATO-ya üzv ölkələr arasında bu göstərici üzrə Estoniya 7-ci, Litva 9-cu, Latviya 11-ci yeri tutur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa