İQTİSADİYYAT


Polşa portalında Naftalan haqqında məqalə yayılıb

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Polşanın “Travel Trends Group” portalında “Azərbaycanın Naftalan şəhərində neft məhsulları ilə müalicə” adlı məqalə yayılıb.

Məqalədə deyilir ki, Azərbaycanda qədim dövrlərdən başlayaraq müalicə-profilaktik məqsədlərlə mədən sularından, müxtəlif növ neft və vulkanik palçıqlardan geniş istifadə edilir. Azərbaycan əsrlər boyu tarixi İpək Yolu vasitəsilə nadir dərman kimi ixrac edilən müalicəvi nefti ilə məşhur olub. XIX əsrdən etibarən Azərbaycanın müxtəlif guşələrində müalicə əhəmiyyətli təbii resursların elmi tədqiqinə başlanılıb.

Bildirilir ki, Azərbaycanın Kiçik Qafqaz zonası əsasən karbon turşulu mineral sularla zəngin balneoloji kurortlarla fərqlənir. Bu zonada nadir təbii müalicə amili kimi tanınan Naftalan nefti mədənləri yerləşir. Naftalan şəhəri unikal müalicəvi əhəmiyyətə malik olan “Naftalan” nefti ilə məşhurdur. Naftalan nefti qədim dövrlərdən başlayaraq istifadə edilir və hazırda il ərzində 20 min insan burada müalicə alır. Naftalanın unikallığı və yüksək effektivliyi çoxlu sayda elmi araşdırmalarla və bir neçə xəstəliyin müalicəsinin tətbiqində 100 ildən çox təcrübə ilə təsdiq edilib. Naftalan müalicəvi neftindən 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Bu neftin dünyada analoqu yoxdur. Naftalan nefti öz müalicəvi əhəmiyyətinə görə 80-85 faiz effektlilik əmsalına malikdir. Xüsusən Naftalan neftinin hərəkət-istinad, nevroloji, damar, uroloji, ginekoloji xəstəliklərin və dəri xəstəliklərinin müalicəsində böyük əhəmiyyəti var.

Oxucuların diqqətinə çatdırılır ki, hazırda Naftalanda 7 otel və sanatoriya fəaliyyət göstərir. Bu gün Naftalan özündə təbii faktorları, kurort təbabətini, Avropa komfortunu, Azərbaycan qonaqpərvərliyini və qiymətlərin əlverişliliyini birləşdirən müasir istirahət və müalicə mərkəzidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.