İQTİSADİYYAT


Polşa şirkətinin Transxəzər Nəqliyyat Marşrutu Assosiasiyasının hüquqi şəxslər ittifaqına üzvlüyü müzakirə edilib

Bakı, 14 iyun, AZƏRTAC

Polşanın “PKP Genişizli metallurgik yol” MMC-nin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Beynəlxalq Assosiasiyasının hüquqi şəxslər ittifaqına üzvlüyü müzakirə edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr iyunun 13-14-də Qazaxıstanın paytaxtı Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçılarının görüşü zamanı aparılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin nümayəndələrinin də iştirak etdiyi iclas çərçivəsində “Nəqliyyat infrastrukturunun inkişafı, TBNM üzrə daşımaların effektivliyinin və rəqabətədavamlılığının artırılması” mövzusunda “dəyirmi masa” təşkil olunub.

Qazaxıstan, Çin, Ukrayna, Polşa, Türkiyə, Azərbaycan, Gürcüstan, Litva, Latviyanın dəmir yol, liman, gəmiçilik və logistika şirkətlərindən 80-dək nümayəndənin qatıldığı “dəyirmi masa”da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, onun üstünlükləri, hazırkı vəziyyəti, imkanları və inkişaf perspektivləri barədə geniş məlumat verilib. Bildirilib ki, bu nəqliyyat marşrutu daimi və stabil olması ilə seçilir.

İclasda liman və dəmiryol infrastrukturunun genişləndirilməsi barədə müzakirələr aparılıb. Aktau, Kurık və Ələt limanlarının, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyəti vurğulanıb.

Müzakirələrdə TBNM Beynəlxalq Assosiasiyasının təsisçiləri və Çinin nəqliyyat və kommunikasiya Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Toplantıda “PKP Genişizli metallurgik yol” MMC-nin (Polşa) yeni assosiativ üzvlüyü və Bolqarıstan, Rumıniya, Ukraynanın Qara dəniz limanlarından daşınan konteynerlərinin rəqabətədavamlı tariflərinin müəyyən edilməsi məsələləri də müzakirəyə çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.