MƏDƏNİYYƏT
Polşada Azərbaycan mədəniyyəti gecəsi keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə Vroçlav şəhərində Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib.
Mədəniyyət gecəsi Polşanın Vroçlav şəhərində könüllülük proqramında iştirak edən həmvətənimiz Xumar Kərimlinin təşkilatçılığı ilə baş tutub. Tədbirin təşkilində, həmçinin Vroçlav şəhərində yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Azərbaycanın Polşada təbliğinə həsr olunan mədəniyyət gecəsində tariximiz, mədəniyyətimiz, musiqimiz, mətbəximiz ilə bağlı sərgi təşkil edilib, habelə ölkəmizə dair təqdimat keçirilib. Mədəniyyət gecəsində milli mətbəximizin nümunələri qonaqlara təqdim edilib.
Mədəniyyət gecəsinin əsas təşkilatçısı Xumar Kərimli tədbirdə Azərbaycan rəqslərini nümayiş etdirib.