İDMAN
Polşada təşkil olunan sərgidə “Bakı-2015” birinci Avropa Oyunları geniş təbliğ edilib
Bakı, 14 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Polşada “Heydər Əliyev polyakların gözü ilə” adlı sərgi təşkil edib.
Assosiasiyanın sədri Səbuhi Abbasov AZƏRTAC-a bildirib ki, Varşava şəhərinin iki əsas hərəkətli küçəsində təşkil olunan sərgi Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, “Bakı-2015” birinci Avropa Oyunları və bütövlükdə Azərbaycan haqqında həqiqətlərin Polşa ictimaiyyətinə çatdırılması məqsədi daşıyır.
Səbuhi Abbasov qeyd edib ki, 4 panel üzrə təşkil olunan sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanda Gül bayramı, müasir və inkişaf edən Azərbaycan, “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı materiallar yer alıb.
Sərgiyə gələn polyaklara birinci Avropa Oyunları ilə bağlı müxtəlif rekvizitlər (papaq, köynək, idman dəsti, buklet, reklam çapları) hədiyyə olunub. Ümumilikdə şəhərin iki izdihamlı küçəsində 30-dan çox eksponat təqdim edilib. Bundan başqa, iştirakçılara “Bakı-2015” ilk Avropa Oyunları haqqında 300-dək disk, üzərində “Bakı-2015” yazısı olan 100-dək papaq və mayka, 20 ədəd fincan, Azərbaycan haqqında 500-dək buklet, 50-yə yaxın bayraq paylanılıb.
Sərginin təşkilatçıları Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Polşa nümayəndəliyinin rəhbəri Anar Məmmədov və ASGA Polşa nümayəndəliyinin üzvləridir.
“Heydər Əliyev polyakların gözü ilə” adlı sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılıb.