CƏMİYYƏT
Polşada dəfn edilmiş azərbaycanlı zabitlərin xatirəsi yad olunub
Oktyabrın 31-də Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, səfirliyin əməkdaşları, Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin üzvləri Varşavanın müsəlman qəbiristanlığında dəfn edilmiş Azərbaycan hərbçisi, Polşa Ordusunun polkovniki Vəli bəy Yadigarın, podpolkovnik İsrafil bəy Yadigarın və Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə və Xarici İşlər Nazirliklərində çalışmış Krıçinskilər ailəsinin məzarlarını ziyarət ediblər. Bu barədə Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a məlumat verilib.
Vəli bəy Yadigar 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət edib. O, XI Ordu Bakıya basqın edərkən Gəncə üsyanının iştirakçısı olub. 1921-ci ildə əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirət edib. Azərbaycanın görkəmli hərbçisi Vəli bəy Yadigar Polşanın ağır günlərində göstərdiyi şücaətə görə bu ölkədə polkovnik rütbəsinə layiq görülüb. Hitler Almaniyası Polşanı zəbt edərkən gizli hərbi müqavimət briqadası yaradaraq qəsbkarlara qarşı vuruşub. 1944-cü ildə daxil olduğu polkun hərbi bayrağının mühafizəsi ona həvalə edilib. Sovet qoşunları Polşaya daxil olduqdan və Polşada sovet hakimiyyəti qurulduqdan sonra polkovnik Avropanın bir sıra ölkələrinə və nəhayət Argentinaya mühacirət edib. Azərbaycana dönmək ümidi olmadığından V.Yadigar Polşada müsəlman qəbiristanlığında dəfn olunmasını və məzarının üzərində milliyyətcə azərbaycanlı olmasının qeyd edilməsini vəsiyyət edib. O, 1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat edib. Vəsiyyətinə əsasən cənazəsi 1990-cı ildə Polşaya gətirilərək müsəlman ənənəsi və hərbi protokol qaydaları ilə yenidən dəfn olunub.