ELM VƏ TƏHSİL
Polşalı professorlar UNEC-də mühazirələrə başladılar
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Polşanın Poznan İqtisad və Biznes Universitetinin professorlarının mühazirələrinə başlanılıb.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Polşanın nüfuzlu universitetinin professorları Konrad Jan Sobanski, Mixal Kopçinski, Silvester Bialovas UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarında dərs deyəcəklər. Onlar dünya iqtisadiyyatı, maliyyə və biznesin idarəedilməsi ixtisası üzrə təhsil alan tələbələrə fyuçers və opsion müqavilələri, valyuta törəmələri, valyuta bazarının konvensiya və əməliyyatları mövzusunda mühazirə oxuyacaqlar.
Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilən layihə bir həftə davam edəcək.
Qeyd edək ki, mübadilə proqramı çərçivəsində martın 6-dan 11-dək UNEC-in iki müəllimi İnara Rzayeva və Sevər Məmmədova Poznan İqtisad və Biznes Universitetində mühazirə oxuyublar. Aprel ayında isə UNEC-in 4 professoru sözügedən universitetdə iqtisadiyyat və riyaziyyat fənlərini tədris etməyə dəvət ediliblər.