ELM VƏ TƏHSİL


Polşalı tələbələrə İslamın Azərbaycan mədəniyyətinə təsirindən danışılıb

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Radom şəhərində fəaliyyət göstərən Ali Ticarət Məktəbinin rəhbərliyinin təşəbbüsü ilə keçirilən tədbirdə “İslamın Azərbaycan mədəniyyətinə təsiri” mövzusunda məruzə edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Radom Ali Ticarət Məktəbinin rektoru Eljbieta Kielska, kansleri Gerard Pavel May, müəllim və tələbə heyəti, həmçinin şəhər sakinləri iştirak ediblər.

Çıxış edən rektor xanım Eljbieta Kielska Ali Ticarət Məktəbində Azərbaycan mövzusuna həsr edilmiş tədbirin artıq ikinci dəfə təşkilindən məmnunluğunu bildirib.

Səfir Həsən Həsənov Azərbaycan mədəniyyətinin islamaqədərki dövrü haqda məlumat verib. O, İslam mədəniyyətinin inkişafı və XIX əsrdən başlayaraq, Azərbaycan mədəniyyətinin Avropa və İslam mədəniyyətlərinin sintezi kimi formalaşması barədə də danışıb. Səfir qədim adət-ənənəyə malik olan Azərbaycan mədəniyyətinin artıq islamaqədərki dövrdə də formalaşdığını və qədim köklərə dayandığını qeyd edib.

H.Həsənov Azərbaycanda sovet dövründə dinə qarşı kampaniya aparıldığını, nəticədə bir çox məscidlərin dağıdıldığını, dini mərasimlərin qadağan edildiyini, lakin buna baxmayaraq, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra mənəvi dəyərlərə olan qadağaların götürüldüyünü və adət-ənənələrə geri dönüldüyünü vurğulayıb.

Müasir Azərbaycanın nailiyyətləri haqqında məlumat verən səfir H.Həsənov multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu və bu istiqamətdə müxtəlif beynəlxalq tədbirlərin təşkil edildiyini vurğulayıb. O, əsrlərboyu ölkəmizdə bütün mədəniyyətlərin, dini və etnik qrupların nümayəndələrinin bir ailə kimi yaşadıqlarını və onlara bərabər şəraitin yaradıldığını qeyd edib.

Görüşdə tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına aid kitablar və broşürlər təqdim edilib. Həmçinin Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında da iştirakçılara geniş məlumat verilib. Xocalı soyqırımının bəşəriyyət tarixində ən qanlı faciələrdən biri olduğunu qeyd edən səfir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərinin yerlə-yeksan edildiyini, əhalinin soyqırımına məruz qaldığını bildirib. Faciədən 25 il keçməsinə baxmayaraq, dünya ictimaiyyətinin bu hadisəyə biganə qaldığını qeyd edən səfir hər kəsi “Xocalıya ədalət!” kampaniyasına qoşulmağa dəvət edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.