CƏMİYYƏT
Poltava vilayətində Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub
Kiyev, 11 noyabr, AZƏRTAC
Ukraynanın Poltava vilayətinin ən böyük ali təhsil ocağının - Poltava İqtisadiyyat və Ticarət Universitetinin (PİTU) müəllim və tələbələri Azərbaycanın Dövlət Bayrağı Gününü qeyd ediblər. Onlar mehriban qonşuluq ənənələrindən, ölkələrimizin əməkdaşlıq tarixindən və qardaş xalqlarımız arasında səmərəli əlaqələrin inkişafına inam hissindən danışıblar.
Təbriklərin bir-birini əvəzlədiyi səmimi atmosferdə azərbaycanlı tələbələr Dövlət bayrağının tarixindən və rəmzi mənasından danışıblar. Onların ukraynalı və əcnəbi tələbə yoldaşları Azərbaycan dövlətinə və xalqına həsr olunmuş şeirlər oxuyublar.
Universitetin qeyri-ərzaq malları əmtəəşünaslığı kafedrasının müəllimi İnna Paxomova Azərbaycan haqqında mahnını ana dilimizdə tədbir iştirakçılarına ərməğan edib. İştirakçılar onun ifasını alqışlayıb və birlikdə zümzümə ediblər. Onlar özlərini bir neçə dəqiqəliyə sanki Azərbaycanda hiss ediblər.
Xatırladaq ki, artıq bir neçə ildir PİTU-da Bakı Slavyan Universitetinin Azərbaycan Tədris və Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir. Mərkəz çoxsaylı maraqlı və maarifləndirici tədbirlər, layihələr, bayramlar, açıq mühazirələr və müzakirələr təşkil edir.
Məhz PİTU nəzdindəki Azərbaycan Tədris və Mədəniyyət Mərkəzi Poltava vilayətindəki ukraynalı və azərbaycanlı gəncləri birləşdirir.
2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunduğu üçün Mərkəzin iş planlarında Ukrayna və Azərbaycan xalqları arasında dostluq ideyasına xidmət etmiş bir şəxsiyyətin - tanınmış ədəbiyyatşünas, Bakı Dövlət Universitetinin Ukrayna əsilli professoru Aleksandr Baqrinin irsinin tədqiq olunması nəzərdə tutulub. Mövzunun davamında vurğulayaq ki, “Zarya Poltavşinı” vilayət qəzetində “İnkişaf və sülh” İctimai Birliyinin rəhbəri Namaz Mustafayevin “Азербайджан і наукова спадщина О.В. Багрія” (“Azərbaycan və A.V.Baqrinin elmi irsi”) avtobioqrafik məqaləsi dərc edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev