İDMAN
“Port Baku” kompleksindəki “The Club” idman mərkəzinin qarşısında “IDEA velosiped dayanacağı” quraşdırılıb
Bakı, 26 may, AZƏRTAC
Əsas məqsədi ətraf mühitin keşiyində durmaq olan IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) Bakıda velosipeddən istifadəni təşviq etmək üçün mayın 26-da “Port Baku” kompleksindəki “The Club” idman mərkəzinin qarşısında “IDEA velosiped dayanacağı” (IDEA Bycicle Stand) quraşdırıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, dayanacağın quraşdırılması ekoloji cəhətdən təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etməklə yanaşı, yanacaq mühərrikli nəqliyyat vasitələrindən istifadəni azaltmağa xidmət edəcək. Avtomobillərin atmosferə buraxdığı zərərli qazlar havanın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində ekoloji problemlərin yaranmasına gətirib çıxarır.
IDEA-nın əməkdaşları inanırlar ki, Bakıda xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhalini bu nəqliyyat növündən geniş istifadə etməyə həvəsləndirəcək.
IDEA İctimai Birliyi və AVİF maraqlı tərəfləri ətraf mühitin mühafizəsi naminə “Yaşıl nəqliyyat” kampaniyasında fəal iştiraka və fəaliyyət göstərdiyi məkanların qarşısında “IDEA velosiped dayanacağı” quraşdırmağa dəvət edir.
Maraqlanan şəxslər ətraflı məlumatı 497-63-16 nömrəli telefona zəng edərək IDEA İctimai Birliyindən ala bilərlər.