DÜNYA
Portuqaliyada dünyaya gələn uşaqların yarıdan çoxu nikahdankənar doğulur
Lissabon, 29 aprel AZƏRTAC
Portuqaliyanın Milli Statistika İnstitutu 2015-ci ilə aid bir sıra statistik rəqəmləri açıqlayıb.
Rəqəmlərdən məlum olur ki, ölkədə bir il ərzində doğulmuş 85500 uşağın 50.7%-i nikahdankənar dünyaya gəlib. Baxmayaraq ki, son onilliklərdə ilk dəfə olaraq ölkədə qeydə alınan nikahların sayında kiçik də olsa artım qeydə alınıb.
2015-ci ildə bu ölkədə 32393 nikah rəsmiləşdirilib ki, bu da ötən illə müqayisədə təqribən 1000 nikah artıqdır.
Lakin ölkə sosioloqlarını narahat edən əsas rəqəmlər doğulan körpələrin sayının dünyasını dəyişən insanların sayından yenə də az olmasıdır. İl ərzində Portuqaliyada 85500 körpə doğulsa da, 108500 nəfər dünyasını dəyişib. Bu isə ölkədə təbii artımın olmaması, əksinə, azalmanın qeydə alınması deməkdir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon