DÜNYA
Portuqaliyada meşə yanğınları ilə bağlı vəziyyət gərginləşib
Bakı, 27 iyul, AZƏRTAC
Portuqaliyanın mərkəzi hissəsində meşə yanğınları ilə bağlı vəziyyət gərginləşib. Təbii fəlakətlə əlaqədar minlərlə yerli sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yanğınların söndürülməsi ilə məşğul olan təcili xidmətlərin məlumatına əsasən, iyulun 27-də səhər saatlarında alov yeni qüvvə ilə yayılmağa başlayıb. Ən böyük yanğın ocağı ölkənin qərb hissəsində yerləşən Beyra-Bayşa əyalətinin Kaştelu-Branku bələdiyyəsində qeydə alınıb.
Ötən həftənin sonlarından etibarən azı 10 yaşayış məntəqəsinin əhalisi təxliyə olunub, həmçinin yanğın nəticəsində bir neçə avtomagistralın ətraf mühitlə əlaqəsi tam və ya qismən kəsilib. Yerli əhali yanğının söndürülməsində təcili xidmətlərin əməkdaşlarına kömək göstərir.
Bu ərəfədə polis 50 yaşlı qadını saxlayıb: o, alışqandan istifadə etməklə Kaştelu-Branku bələdiyyəsində yanğına səbəb olmaqda şübhəli bilinir.
Havanın yüksək hərarəti və quraqlıq səbəbindən hər il yay aylarında baş qaldıran meşə yanğınları Portuqaliyanın mərkəzi hissəsi üçün ciddi problemlər yaradır. Bu il təbiət yanğınları 60 nəfərdən çox insanın həyatına son qoyub.