DÜNYA
Portuqaliyada tüğyan edən meşə yanğıları söndürülüb
Bakı, 22 iyun, AZƏRTAC
Mərkəzi Portuqaliyada meşə yanğınının miqyaslı ocaqları söndürülüb. Şənbə günü başlayan yanğını 1,5 min yanğınsöndürənin, 400 ədəd xüsusi texnikanın, 17 təyyarə və 4 helikopterin beş gün sürən gərgin mübarizəsindən sonra nəzarət altına almaq mümkün olub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, miqyaslı meşə yanğınların söndürülməsində Portuqaliya ilə yanaşı, İspaniya, İtaliya və Fransadan da təyyarələr iştirak edib.
Yanğından ən çox Pedroqan-Qrandi yaşayış məntəqəsi zərər çəkib. Burada 30 min hektar meşə sahəsi yanaraq külə çevrilib, 64 nəfər həlak olub, 204 nəfər isə xəsarət alıb. Təxminən 30 nəfər meşə yolunda öz avtomobillərində yanaraq və ya tüstüdən boğularaq həyatını itirib.
Hökumət yanğına ildırımın ağacı vurmasını və quru isti küləyi səbəb kimi göstərsə də, insan faktoru istisna olunmur.