DÜNYA
Portuqaliyada yanğın səbəbindən 27 kəndin sakinləri köçürülüb
Bakı, 20 iyun, AZƏRTAC
Portuqaliyada təbiət yanğınları ilə əlaqədar vəziyyət mürəkkəb olaraq qalır: daha çox təhlükəli olan Qoyş bələdiyyəsi ərazisində (Koimbra dairəsi) 27 kəndin sakinləri təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə dövlət daxili işlər katibi Jorje Qomiş Portuqaliyanın RTP telekanalına müsahibəsində məlumat verib.
Bu gün səhər mütəxəssislər bildiriblər ki, ölkənin mərkəzi hissəsində tüğyan edən yanğınları tam nəzarət altına almağa yaxındırlar. Lakin isti hava və güclü külək səbəbindən alov, ilk növbədə, Qoyş bələdiyyəsində yenidən sürətlə yayılmağa başlayıb. Tüstüyə görə görmə məsafəsinin pisləşməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Belə ki, təyyarələr bu rayonda daim işləyə bilmirlər.
Bununla yanaşı, 60-dan çox insanın həlak olduğu Pedroqan-Qrandi bələdiyyəsində (Leyriya dairəsi) vəziyyət xeyli yaxşılaşıb. Orada alova bürünmüş ərazinin 85 faizini lokallaşdırmaq mümkün olub. Yanğın ümumilikdə 30 min hektar meşəni məhv edib. Son rəsmi məlumata görə, 64 nəfər həyatını itirib, 150 nəfər xəsarət alıb. Pedroqan-Qrandidə yanğınla mübarizədə 17 təyyarə və 4 helikopter, 1200 yanğınsöndürən, 400-dən çox nəqliyyat vasitəsi iştirak edir. Portuqaliyanın köməyinə, həmçinin İspaniya, İtaliya və Fransadan təyyarə-amfibiyalar gəlib.