ELM VƏ TƏHSİL
Portuqaliyanın Lusofona Universitetinin nümayəndə heyəti ADU-da
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin Beynəlxalq Multikulturalizm Qış Məktəbində iştirak etmək üçün ölkəmizə gəlmiş, Portuqaliyanın Lusofona Universitetinin nümayəndə heyəti ilə görüşü olub. Görüşün məqsədi ADU-nun müəllim və tələbələrimdə portuqal dilinə maraq yaratmaq idi.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə fakültənin dekanı, dosent Anar Nağıyev görüşün əhəmiyyətindən danışıb, qonaqları iştirakçılara təqdim edib.
Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, professor Teresa Damasio Azərbaycana səfərdən məmnunluğunu bildirib, qış məktəbinin uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib. Təqdimatla çıxış edən qonaq öz ölkəsinin tarixi, coğrafiyası, dili haqqında ətraflı məlumat verib.
Portuqaliyanın təhsil sistemindən danışan T.Damasio deyib ki, dövlət ali təhsil institutları 14 universitet, 20 politexnik, 6 hərbi və polis təhsil müəssisələrindən, özəl ali məktəb şəbəkəsi isə 33 universitet və 54 politexnik ali təhsil müəssisəsindən ibarətdir. Universitetlərin zəngin kitabxana sisteminin olduğunu vurğulayan professor Koimbra Universitetinin Joanina Kitabxanasının dünyada ən məşhur kitabxanalardan biri kimi tanındığını söyləyib.
Görüş müzakirələrlə davam edib.