REGİONLAR


Portuqaliyanın ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Naxçıvan Dövlət Universitetində olub

A+ A

Naxçıvan, 11 oktyabr, AZƏRTAC

Portuqaliyanın Azərbaycan Respublikasında nümayəndəliyinin müvəqqəti işlər vəkili xanım Maria Joao Lopes-Cordaso Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.

NDU-nun mətbuat şöbəsindən bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb, universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, ali təhsil ocağındakı mövcud fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib.

Rektor qeyd edib ki, dünyanın 50-dən artıq ölkəsinin 80-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunan NDU-da dünya universitetləri ilə virtual əməkdaşlıq, beynəlxalq videokonfranslarda iştirak etmək üçün də geniş imkanlar var. Tələbə mobilliyinin inkişafı nəticəsində bu ali məktəbin bakalavr və doktorantları öz təhsillərini Türkiyə, İspaniya, Fransa, Cənubi Koreya, Rusiya, Rumıniya və digər Avropa ölkələrinin ali məktəblərində uğurla davam etdirirlər.

Saleh Məhərrəmov universitetin müasir elektron təhsil şəbəkəsi və elektron sənəd dövriyyəsi, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, elektron kataloq-kartoteka sisteminə malik müasir elektron kitabxanası haqqında qonağa məlumat verib.

Müvəqqəti işlər vəkili xanım Maria Joao Lopes-Cordaso elm, təhsil sahəsində tərəfdaşlığın əhəmiyyətindən danışıb. Görüş zamanı əməkdaşlığın ilkin mərhələsi üçün prioritet məsələlər müzakirə olunub.

Universitet kampusu ilə tanış olan xanım diplomat media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, universitet televiziyası, “Nuhçıxan” radiosu və mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olub, NDU-nun televiziyasına müsahibə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.