ELM VƏ TƏHSİL
Praktik məsləhətlər üçün regional sessiya keçiriləcək
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 15-16-da “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda seminar keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun, İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, “Rusiya Vençur Şirkəti” və “Global Venture Alliance” (GVA) fondunun təşəbbüsü ilə təşkil olunan seminar “ADA” Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.
Tədbirin əsas məqsədi innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir.
Seminarda ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələri innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqlar əldə edəcəklər. Eyni zamanda, keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcək.
2008-ci ildən Rusiya Federasiyasında keçirilən bu seminarların ölkəmizdə ilk dəfə təşkili planlaşdırılır. Bu günədək keçirilmiş eyniadlı 160 tədbirdə 11 min nəfər iştirak edib. Seminarlarda innovativ sahibkarlıq fəaliyyəti üçün vacib olan bilik və praktik bacarıqlar əldə edilib.
Seminarda iştirak və daha ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına müraciət etmək olar.