DÜNYA
Praqa Avropa İttifaqı-Türkiyə münasibətlərinin kəskinləşməsini özünəməxsus tərzdə təfsir edir
Praqa, 27 noyabr, AZƏRTAC
Çexiya Prezidenti Miloş Zemanın fikrincə, Avropa İttifaqı (Aİ) Balkan marşrutu deyilən ərazidə sərhədlərini gücləndirməlidir. Çexiya Prezidenti bu şəkildə Avropa İttifaqı-Türkiyə münasibətlərinin kəskinləşməsinə reaksiya göstərib. Türkiyə ilə danışıqların davam etdirilməsinə Miloş Zemanın münasibətinin necə olduğu barədə sualın cavabında Prezidentin mətbuat katibi İrji Ovçaçek bildirib ki, “cavab birmənalıdır”, amma o, nəyi nəzərdə tutduğunu izah etməyib.
Baş nazir Boquslav Sobotka tamamilə başqa fikirdədir. Onun fikrincə, Türkiyə ilə dialoqu davam etdirmək lazımdır. Hökumətin başçısı vəziyyəti özünəməxsus tərzdə şərh edib: “Aİ-Türkiyə sazişi aydın şəkildə müəyyən edilmiş öhdəliklərə əsaslanır. Avropa sazişin özünə aid hissəsini yerinə yetirir, buna görə də Türkiyə tərəfindən təhdidlər əsassızdır. Aİ vətəndaşlarını miqrasiya dalğası ilə qorxutmaq və miqrantlarla bağlı problemli vəziyyət siyasi alver mövzusuna çevrilməməlidir”.
Qeyd edək ki, Çexiyanın Baş naziri birmənalı olaraq yanılır. Türkiyə sazişdə nəzərdə tutulmuş bütün öhdəlikləri vicdanla yerinə yetirib. Lakin Aİ Türkiyə vətəndaşları üçün sazişdə nəzərdə tutulduğu kimi vizasız rejim tətbiq etməyib. Hazırda münasibətlərin kəskinləşməsi məhz rəsmi Brüsselin öz öhdəliklərinə əməl etmək istəməməsindən qaynaqlanır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa