DÜNYA
Praqa dahi memarın – Heydər Əliyev Mərkəzi layihəsinin mərhum müəllifinin layihəsini reallaşdırır
Praqa, 6 may, AZƏRTAC
“Penta” şirkətinin Masarik adına vağzalın yaxınlığında developer layihəsinin təqdimatında çıxış edən Praqa şəhərinin meri Adriana Krnaçova deyib: “Tarixi binaların muzeyi olması üçün Praqaya dünyanın tanınmış memarlarının layihələri ilə tikilən binalar tələb olunur”.
“Central Business District” layihəsi çərçivəsində magistral yolun hər iki tərəfində səkkiz müasir bina ucaldılacaq. Bu binalar dünyada məşhur olan, Bakıdakı Heydər Əliyev Mərkəzi layihəsinin müəllifi, bu yaxınlarda vəfat edən İran əsilli britaniyalı memar Zaha Hədidin arxitektura eskizləri əsasında tikiləcək.
Mərhum memarın layihəsi tanınmış çex və xarici memarların iştirak etdiyi müsabiqədə qalib gəlib. O, magistral və avtobus vağzalı kənarındakı sahələrin əhəmiyyətini lazıminca dəyərləndirib. Hazırda bu ərazilər pis vəziyyətdə olsa da, gələcəkdə iki metro stansiyası və iki vağzal arasında funksional birləşmə yaratmaq mümkün olacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa