SİYASƏT
Praqada Respublika Gününə həsr olunmuş təntənəli mərasim keçirilib
Praqa, 28 may, AZƏRTAC
Mayın 27-də Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyi tərəfindən Praqada Respublika Günü münasibətilə təntənəli mərasim təşkil edilib.
Azərbaycanın və Çexiyanın dövlət himnləri səsləndikdən sonra səfir Fərid Şəfiyev çıxış edərək qonaqlara Respublika Günü haqqında məlumat verib. Səfir öz çıxışında Azərbaycan-Çexiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib və ölkələr arasında artmaqda olan qarşılıqlı səfərlərin münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu vurğulayıb. Ölkəmizin yüksək səviyyəli rəsmilərinin Çexiyaya, habelə yaxın zamanlarda Çexiya Prezidenti Miloş Zeman və parlamentin Deputatlar Palatasının sədri Yan Hamaçekin Azərbaycana gözlənilən səfərlərinin mühüm əhəmiyyət kəsb etdiyi bildirib.
Sonra Çexiya tərəfindən ali qonaq qismində parlamentin Deputatlar Palatasının sədri və Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yan Hamaçek çıxış edib. Yan Hamaçek Azərbaycanı özünə çox yaxın və dost ölkə hesab etdiyini vurğulayıb, dəfələrlə ölkəmizdə səfərdə olduğunu deyib. O, həmçinin Azərbaycan ərazilərinin işğal edildiyini xüsusi vurğulayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll olunacağını ümid bəslədiyini bildirib.
Tədbirdə Çexiya dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, çex və Azərbaycan ictimaiyyətinin üzvləri iştirak ediblər.
Qonaqların şərəfinə Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa