DÜNYA
Praqada Yan Palaxın xatirəsini anıblar
Praqa, 16 yanvar, AZƏRTAC
Çexiyanın Baş naziri Boquslav Sobotka və hökumət üzvləri tələbə Yan Palaxın 48 il əvvəl Varşava Müqaviləsi Təşkilatının qoşunları tərəfindən Çexoslovakiyanın işğal edilməsi əleyhinə etiraz əlaməti olaraq özünü yandırdığı yerə tər çiçəklər qoyublar. B.Sobotka çıxışında deyib: “Bu hadisə tariximizin çox mühüm səhifəsidir və biz onu unutmamalıyıq”.
“Bez komunistů.cz” hərəkatı Praqada, bu faciəli hadisənin baş verdiyi Milli Muzeyin qabağında brifinq keçirib. Ali məktəb tələbələri və yuxarı sinif şagirdləri bu gün Y.Palaxın xatirəsinə ehtiram əlaməti olaraq aclıq keçiriblər. Praqanın “Staroměstské náměstí” meydanındakı Müqəddəs Nikolay kilsəsində Y.Palaxa sərgi həsr olunub. Ekspozisiya çərçivəsində “Yan Palaxın mesajı” sənədli filmi nümayiş etdiriləcək. Sərgi fevralın 2-dək davam edəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa