İDMAN
Premyer Liqada 24-cü mövsümün ilk oyunları keçiriləcək
Bakı, 4 iyul, AZƏRTAC
Avqustun 8-dı Premyer Liqada 24-cü mövsümün ilk oyunları keçiriləcək.
Azərbaycan Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla, geridə qalan 23 çempionatda 2680 futbolçu iştirak edib. 1992-ci ildə start götürən yarışda ən çox oyun keçirən futbolçu Mahmud Qurbanovdur. O, 421 oyuna çıxaraq bu nəticə ilə sabiq yarımmüdafiəçi Azər Məmmədovdan 23, Aslan Kərimovdan 29 matç öndədir. Karyerasını davam etdirən oyunçulardan yalnız ikisi – Rəşad Abdullayev və Rəşad Sadiqov ilk 10 futbolçu arasında yer alıblar.
Ötən 23 ildə 1275 futbolçu rəqib qapısına qol vurub. Bombardirlər siyahısına 183 dəfə fərqlənən Nazim Əliyev başçılıq edir. O, Müşfiq Hüseynovdan 58 qol çox vurub. Üçüncü olan Rövşən Əhmədov ən sərrast oyunçu N.Əliyevdən 67 top geri qalır. İlk 10 pillədə qərarlaşanların hər biri futbolçu karyerasını başa vurub.