REGİONLAR
Prezident: Baramaçılıqda da hazır məhsul ixrac etməliyik
Bakı, 8 oktyabr, AZƏRTAC
Bu il 24 rayonda baramaçılıq inkişaf edib və yaxşı nəticələr var, 70 ton barama tədarük olunub. Baramaçılığa subsidiyalar verilib. Çalışmalıyıq ki, burada da hazır məhsulu ixrac edək və əminəm ki, buna nail olacağıq. Bu işlərin səmərəli şəkildə qurulması üçün 3,5 milyon manat yardım göstərilib.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Şəki ipək kombinatı artıq işləyir, yüzlərlə insan orada işə cəlb edilib. Orada yenidənqurma işləri aparılmalıdır. Bu kombinat daha çox barama qəbul etməyə qadirdir. Ümidvaram ki, yaxın 2-3 ildə biz minlərlə ton barama tədarük edə bilərik. Hələlik bu işlər 24 rayonda gedir. Gələcəkdə daha çox rayonlarda gedəcək və insanlar 40-45 gün ərzində yaxşı pul alacaqlar. Minlərlə manat alanlar var və bu da insanların güzəranını yaxşılaşdırır”.