RƏSMİ XRONİKA


Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib [YENİLƏNİB] VİDEO

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun Azərbaycana səfərinin ölkələrimiz arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə yaxşı tarixə malik əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanlığı ilə sıx təmasların və əməkdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, general Darren MakDyunun səfəri zamanı görülmüş işlərin nəzərdən keçirilməsinin və gələcək planların müzakirəsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma missiyasında ilk iştirak edənlərdən olduqlarını və 15 ildir orada fəaliyyət göstərdiklərini vurğulayaraq bunun Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsi olduğunu dedi. Əfqanıstana həsr olunan NATO Sammitində iştirakına toxunan dövlətimizin başçısı bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev son illərdə Azərbaycan ilə Əfqanıstan arasında çox uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edərək Əfqanıstan Prezidentinin iki dəfə ölkəmizə səfər etdiyini, onunla görüşlər keçirdiyini və ölkələrimiz arasında çox yaxşı işgüzar əlaqələrin qurulduğunu bildirdi.

ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyu Azərbaycanın strateji baxımdan çox əhəmiyyətli bir ölkə olduğunu qeyd etdi. O, güclü əməkdaşlıq əlaqələrinə görə Prezident İlham Əliyevə minnətdarlıq edərək bunun təkcə öz ölkəsi üçün deyil, Əfqanıstana dəstək verən bütün ölkələr üçün mühüm əhəmiyyət daşıdığını dedi. General Darren MakDyu Əfqanıstana Qətiyyətli Dəstək Missiyasının komandanının Prezident İlham Əliyevə Azərbaycan hərbçilərinin Əfqanıstanda iştirakına və eləcə də hərbçilərimizin peşəkar xidmət göstərdiklərinə görə təşəkkürünü çatdırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin