RƏSMİ XRONİKA


Prezident İlham Əliyev “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sərgi ilə tanış olub.

Müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Zakir Həsənov Prezident İlham Əliyevə məlumat verdilər ki, bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir. İştirakçıların coğrafiyası Latviya, Monteneqro, Xorvatiya, Çex Respublikası və Estoniya kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.

Dövlətimizin başçısı Azərbaycan pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxdı. Bu sərgidə milli müdafiə sənayesinin məmulatlarının nümayiş etdirilməsi bir daha təsdiqləyir ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilən müəssislərdə qısa müddətdə yenidənqurma işlərinin aparılması, son illərdə həmin müəssisələrin maşın və avadanlıq parkının yenilənməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıqların alınıb quraşdırılması artıq öz bəhrəsini verir. Görülən işlərin nəticəsidir ki, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sərgilərində də nümayiş olunur. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar böyük maraqla qarşılanır.

İkinci dəfə keçirilən sərgidə Türkiyə Respublikası 42 şirkətlə təmsil olunur. Türkiyənin 28 illik təcrübəyə malik olan “Roketsan” şirkəti budəfəki sərgiyə öz məhsullarının geniş çeşidi ilə qatılıb. Şirkət həm yerli, həm də xarici istifadəçilərə özünü təcrübədə doğrultmuş etibarlı həll variantları təklif edir. “Aselsan” şirkəti sifarişçilərinə hərbi rabitə vasitələri, radiolokasiya stansiyaları, radioelektron mübarizə avadanlığı, elektron və optik cihazlar, çoxfunksiyalı məlumat idarəetmə sistemi, yerüstü, hava, dəniz və kosmik tətbiqlər üçün yüksək texnologiyalı sistem variantlarını təqdim edir.

Ukrayna ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində 7 şirkətlə təmsil olunur. Bu şirkətlər hərbi sənaye kompleksinin müxtəlif məhsullarını qonaqlara təqdim edirlər.

Serbiya da sərginin maraqla qarşılanan iştirakçıları arasındadır. Bu ölkədən olan “Yugoimport” şirkəti sistem inteqratoru kimi kompleks döyüş sistemlərinin işlənib hazırlanması və istehsalı üzrə ixtisaslaşıb.

Azərbaycanda və Kanadada nümayəndəlikləri olan “Azcan” şirkəti beynəlxalq müştərilər şəbəkəsi üçün təhlükəsizliyin təmin olunması ilə bağlı imkanlar təklif edir. Şirkətin məhsulları mülki, xüsusi və hərbi təyinatlı avtomobillərdən, eləcə də güllə keçirməyən jiletlərdən, mühafizə vasitələri və hərbi təyinatlı mobil elektron sistemlərdən ibarətdir.

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının pavilyonunda da oldu. Bildirildi ki, ölkəmizlə hərbi əməkdaşlığa malik Pakistan da bu sərgidə hərbi sənaye məhsullarının geniş çeşidi ilə iştirak edir. Bu ölkədə istehsal olunan hərbi məhsullar hərbi sənaye kompleksinin bütün istiqamətlərini əhatə edir.

Hərbi sənayesi ilə diqqət çəkən Belarus Respublikası da ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin fəal iştirakçıları arasındadır. Sərgiyə 11 şirkətlə qatılan Belarus müxtəlif hərbi məhsullarla yanaşı, ağır hərbi texnika da nümayiş etdirir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Azərbaycan hərbi sənayesinin məhsulları sərgidə böyük maraq doğurub. Müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Atıcı silahlarla təchiz olunan universal “Gürzə” avtomobili, müxtəlif çaplı atıcı silahlar, raket başlıqları, “Tufan” və “İldırım” ağır hərbi texnikası sərginin maraq doğuran məhsulları sırasındadır.

Azərbaycan Tarix Muzeyinin ekspoziyasında isə tariximizin hərbi keçmişi dolğun şəkildə əksini tapıb. Burada Azərbaycan hərb tarixinin müxtəlif mərhələlərini əks etdirən silah növləri nümayiş etdirilir.

Dünyada hərbi sənaye kompleksinin inkişafı ilə diqqət çəkən ölkələrdən biri olan İsrail Bakıda keçirilən sərgiyə 13 şirkətlə qatılıb. Bu şirkətlər hava gəmiləri, zirehli texnika, donanma platformaları, havada və kosmosda ən son texnikanın, kiber texnologiyaların tətbiqi ilə yanaşı, müasir müdafiə sistemlərinin işlənib hazırlanması və istehsalını, o cümlədən hərbi donanma və kosmik sistemlər üçün innovativ həll variantlarını təklif edirlər.

İkinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinə 12 şirkətlə qatılan Çex Respublikası təqdim etdiyi məhsullar baxımından maraqla qarşılanır.

Sərgidə iştirak edən Türkiyənin “Gülhan Dearsan” şirkəti hərbi donanma gəmilərinin layihələndirilməsi və tikintisi, o cümlədən hərbi silah sistemləri və kompleks ticarət gəmilərinin inteqrasiyası sahəsində ixtisaslaşıb.

Rusiya Federasiyası sərgidə maraq doğuran ölkələr sırasındadır. Dünyada nüfuzlu hərbi sənaye kompleksinə malik olan Rusiyanı sərgidə 23 şirkət təmsil edir. Bu ölkənin “Rosoboronexport” şirkəti qlobal silah bazarının liderlərindən biridir və Rusiyanın illik silah satışının 85 faizdən çoxunu əhatə edir.

Hərbi dəniz donanması sahəsində 135 illik təcrübəyə malik olan “Damen” şirkəti istehsal etdiyi keşikçi katerlər, patrul və döyüş gəmiləri, dəniz desantına dəstək, köməkçi dəniz və bir çox sahilyanı gəmiləri sərgi ziyarətçilərinə təqdim edir.

Fransa Respublikasını təmsil edən “DCNS Group” dəniz mühafizəsi üzrə dünya lideri olmaqla enerji sektorunda innovatordur. Şirkət əsasən havadan müdafiə dəsti də daxil olmaqla bir çox özünümüdafiə sistemləri ilə bağlı məhsulları nümayiş etdirir.

Çinin “CETS İnternational” şirkəti elektron informasiya sahəsi üçün innovativ və xüsusi həll variantları ilə sərgi ziyarətçilərinin qarşısına çıxıb.

Sonra Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzinin qarşısında açıq havada nümayiş etdirilən hərbi məhsullara da baxdı. Azərbaycan hərbi sənaye kompleksinin məhsulları burada da qonaqlara təqdim olunur. Bildirildi ki, “Matador” və “Marauder” tipli zirehli hərbi texnikalar, o cümlədən tank əleyhinə raket kompleksi sərgidə yenə də böyük maraqla qarşılanır. Bundan əlavə, Rusiya və Belarus istehsalı olan ağır hərbi texnikalar sərginin əhəmiyyətini daha da artırır.

Qeyd edək ki, bu il müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnikanı, eləcə də silah və sursatları təqdim edən yerli eksponentlərin sayı artıb. Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Müdafiə Nazirliyi və ANAMA agentliyi sərgidə fəal iştirak edir. Ümumilikdə, sərgidə quru qoşunları və hərbi hava qüvvələrinin texnika və silahları, hərbi aviasiya silahları, Hava Hücumundan Müdafiə sistem və vasitələri, xüsusi təyinatlı əmlak və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı ilə bağlı yeniliklər nümayiş etdirilir. Bu sərgi layihəsinin fərqləndirici xüsusiyyəti müasir qoruma və müdafiə vasitələri, təhlükəsizlik texnikası, sənaye, nəqliyyat təhlükəsizliyi sistemləri, informasiya və rabitə mühafizəsi, yanğın təhlükəsizliyi vasitələri, eləcə də xilasetmə vasitələrinin geniş çeşidinin vahid konsepsiya çərçivəsində irimiqyaslı nümayişidir.

Beləliklə, “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. Bu sərgi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün də əla platformaya çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır