RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib VİDEO

A+ A

Ağstafa, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq, Ağstafada yeni istehsal və emal müəssisələrinin tikilməsi istiqamətində zəruri və ardıcıl işlər görülür. Bu işlər nəticəsində son illərdə rayonun sənaye potensialından səmərəli istifadə, yeni istehsal müəssisələrinin yaradılması və iş yerlərinin açılması ilə bağlı mühüm layihələr icra olunub. “Karvan-L EKO” sənaye parkının tikintisi də bunun əyani göstəricisidir.

Şirkətin rəhbəri Əbülfəz Qafarov Prezident İlham Əliyevə məlumat verdi ki, sənaye parkının istehsal sahəsi 11 müəssisə və 1 istixana kompleksindən ibarətdir. Hazırda 9 müəssisənin və istixana kompleksinin inşası başa çatdırılıb.

Prezident İlham Əliyevə "Karvan L" elmi istehsalat birliyinin müəssisələrində hazırlanan məhsullar təqdim olundu.

Sonra dövlətimizin başçısı müəssisələrin və istixana kompleksinin açılışını etdi.

Prezident İlham Əliyev yeni müəssisələrlə tanış oldu. Bu müəssisələrdə müxtəlif növ istehlak malları və inşaat materialları istehsal ediləcək. Parkda yaradılan orqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi də müasir səviyyədə qurulub. Sənaye parkının ərazisində keramika dam örtükləri və şüşə qab istehsalı müəssisələrinin tikintisi davam etdirilir.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və kompleksin işçiləri ilə görüşdü.

Dövlətimizin başçısı Ağstafada yeni sənaye kompleksinin işə düşməsini əlamətdar hadisə kimi dəyərləndirdi və bu müəssisənin yeni iş yerlərinin yaradılması, həmçinin daxili bazarın istehlak mallarına olan tələbatının ödənilməsi və ixracyönümlü məhsulların artırılması baxımından mühüm rolundan danışdı. Belə sənaye müəssisəsinin regionda açılması təşəbbüsünü yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkədə sahibkarlar üçün yaradılan şəraitin qeyri-neft sektorunun inkişafına təsirindən, rəqabətqabiliyyətli məhsulların istehsalının artmasındakı rolundan bəhs etdi. Prezident İlham Əliyev Ağstafada sosial problemlərin, o cümlədən əhalinin su, qaz, elektrik enerjisi ilə təchizatı məsələlərinin həllinə toxundu, kənd yollarının yenidən qurulmasının uğurla davam etdirildiyini vurğuladı. İndi əsas diqqətin sənaye və kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına yönəldiyini bildirən dövlətimizin başçısı bu sahədə regionlarda görülən işlərin mühüm önəm daşıdığını dedi.

“Karvan L” şirkətinin rəhbəri Əbülfəz Qafarov, müəssisənin işçiləri Xanlar Hacıyev, Yaylaq Abdullayeva, rayon sakini İbrahim Əliyev müəssisənin fəaliyyətinə verdiyi yüksək qiymətə, bütövlükdə Ağstafanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır