RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenezin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı nümayəndə heyətinin Forumda iştirakının maraqlı olacağına əminliyini ifadə etdi. Forumun artıq beynəlxalq tədbirə çevrildiyini vurğulayan Prezident İlham Əliyev dünya birliyinin üçdə bir hissəsindən çoxunun Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsinin önəmini qeyd etdi. Azərbaycan ilə Argentina arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı səfirliklərin fəaliyyət göstərməsinin və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətini vurğulayaraq ikitərəfli əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın da böyük əhəmiyyət daşıdığını dedi. Prezident İlham Əliyev Patrisia Ximenezin ölkəmizdə keçirəcəyi görüşlərin səmərəli olacağına əminliyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın Argentina ilə ikitərəfli əlaqələrin sürətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı.

Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenez ölkəsinin Prezidenti Maurisio Makrinin və Parlament sədrinin salamlarını dövlətimizin başçısına çatdırdı. Patrisia Ximenez V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Argentinalı qonaq bu gün, eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşdüklərini məmnunluqla vurğuladı. O, Bakının gözəlliyinin və insanların multikultural dəyərlərə böyük önəm vermələrinin onlarda dərin təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı Argentina Prezidenti Maurisio Makrinin və Parlament sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə və Parlamentinin sədrinə çatdırmağı xahiş etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır