REGİONLAR
Prezident İlham Əliyev: Ərzaq təhlükəsizliyi məsələlərinin həlli işində çox böyük nailiyyətlər var
Bakı, 17 sentyabr, AZƏRTAC
Respublikamızın ərzaq təhlükəsizliyi məsələlərinin həllində böyük nailiyyətlər qazanılıb.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev giriş nitqində bildirib.
Heyvandarlıq, bitkiçilik sürətlə inkişaf edib
Ərzaq təhlükəsizliyinin qarşıda duran əsas məsələlərdən biri olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Sovetlər vaxtında biz əsas ərzaq məhsullarını Azərbaycana başqa respublikalardan gətirirdik. Misal üçün, toyuq ətini, mal ətini, südü, şəkəri, digər əsas ərzaq məhsullarını biz Rusiyadan, Ukraynadan gətirirdik. Ona görə, qarşıya vəzifə qoyulmuşdu ki, biz ərzaq təhlükəsizliyimizi təmin etməliyik. Odur ki, Azərbaycanda taxılçılığın, heyvandarlığın, ümumiyyətlə, bitkiçiliyin inkişafı sürətlə getmişdir. Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik. Ona görə bizim əsas məqsədimiz bu məsələlərlə bağlı idi və deyə bilərəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həlli işində çox böyük nailiyyətlər var”.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi daha da artırılacaq
Buna baxmayaraq kənd təsərrüfatının digər sahələrinin bir qədər diqqətdən kənarda qaldığını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bunun da obyektiv və subyektiv səbəbləri var: “Hesab edilirdi ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatı hər şeyi tənzimləyir, hər şeyi yoluna qoyur. Ancaq həyat göstərir ki, bu, belə deyil. Əlbəttə ki, biz bazar iqtisadiyyatına sadiqik, bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda formalaşır və sahibkarlığın inkişafına çox böyük dəstək verilir, o cümlədən çox böyük maliyyə dəstəyi. Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilmişdir. Ancaq pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir. Bazar iqtisadiyyatı heç də o demək deyil ki, hər şey yolunda olacaq. Pambıqçılığın tənəzzülə uğraması bunun bariz nümunəsidir. Ona görə, qərar qəbul edildi ki, bu gün bir halda ki ərzaq məhsulları və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin böyük əksəriyyəti öz həllini tapıb və artıq icrada olan layihələr yaxın zamanlarda öz bəhrəsini verəcək, indi dövlət kənd təsərrüfatının inkişafına həm daha da güclü dəstək verməlidir, həm də bu sahəyə daha da böyük miqyasda müdaxilə etməlidir. O mənada müdaxilə etməlidir ki, biz fermerlərə kömək göstərək, onların problemlərini həll edək və ölkəmizdə ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə uğrayan sahələri bərpa edək və inkişaf etdirək”.