RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Belçikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufsun etimadnaməsini qəbul edib.

Səfir Bert Skufs fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bert Skufs etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı bu əlaqələrin razılıq doğurduğunu bildirdi. Ölkələrimiz arasında ticarət, sərmayələr, təhsil və digər sahələrdə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı. Belçika şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunan dövlətimizin başçısı xüsusən tikinti sahəsində bu şirkətlərin uğurlu təcrübəsini qeyd etdi. Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən Bert Skufs hələ 2012-ci ildə Azərbaycanda olduğunu, ölkəmizin və Bakının gözəlliyinin, həmçinin xalqımızın səmimiliyinin onu valeh etdiyini dedi. Belçika şirkətlərinin Azərbaycanda tikinti sahəsi ilə yanaşı, logistika, əczaçılıq, tibb, texnologiyalar və digər sahələrdə fəaliyyət göstərdiklərini qeyd edən səfir Bert Skufs ölkəsinin iş adamlarının Azərbaycan şirkətləri ilə işləməyə hər zaman açıq olduqlarını bildirdi. Fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında yaxşı münasibətləri davam etdirmək olacağını vurğulayan səfir hər iki ölkənin maraqları daxilində iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq istiqamətində də səylərini əsirgəməyəcəyini qeyd etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır