RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir VİDEO
Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luk Truyensini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Son illər Azərbaycan ilə Belçika arasında yaxşı əməkdaşlıq əlaqələrinin yaradıldığını vurğulayan dövlətimizin başçısı bu istiqamətdə səfirin fəaliyyətini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə əminlik ifadə olundu. Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafı, Azərbaycan Avropa əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.