İQTİSADİYYAT
Prezident İlham Əliyev: Biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik
Bakı, 12 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində söyləyib ki, biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik. Artıq bir müddətdir ki, bu kompleksin yaradılması ilə bağlı işlər aparılır. Xarici məsləhətçilər cəlb edilmişdir. Demək olar ki, texniki-iqtisadi əsaslandırma artıq hazırdır. Bizim təbii resurslarımız, filiz yataqlarımız var.
Dövlətimizin başçısı bildirib ki, biz çalışmalıyıq öz təbii imkanlarımızdan, resurslarımızdan maksimum dərəcədə istifadə edək və özümüz hazır məhsul istehsal edək: “Biz hər bir sahədə hazır məhsul istehsal etməliyik. Bu, böyük dövlət vəsaiti tələb edən layihədir. Baxmayaraq ki, indi bizim gəlirlərimiz azalacaq, hesab edirəm, bu layihə sənayemizin inkişafı üçün prioritetdir, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycanda yeni ixrac məhsulu yaranacaq və bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə təkan verəcəkdir. Ona görə bu layihənin icrası ilə bağlı heç bir yubanma ola bilməz. Bu məsələ Dövlət İnvestisiya Proqramında öz əksini tapıbdır”.