REGİONLAR


Prezident İlham Əliyev: Bu il texniki bitkilərin istehsalı ilə bağlı çox ciddi addımlar atılıb

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Bu il texniki bitkilərin istehsalı ilə bağlı çox ciddi addımlar atılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Bu işdə Prezident Administrasiyasının fəaliyyətini xüsusi qeyd etməliyəm və yerli icra orqanlarının rəhbərləri çox səmərəli işlədilər. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi bu işlərdə çox fəal iştirak edirlər. Qısa müddət ərzində biz bu sahədə çox ciddi dönüş yarada bilmişik. Burada bəzi rəqəmlər səsləndi. Mən bu məsələlərə bir qədər geniş toxunmaq istəyirəm. Misal üçün, sovet dönəmində Azərbaycanda baramaçılıq çox geniş vüsət almışdı. Amma sonra biz gördük ki, bu sahə demək olar tamamilə dağılıb gedib. Burada qeyd edildiyi kimi, əgər keçən il ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Yəni, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Minlərlə insan bu 45 gündə 560 manat pul alıb və ailəyə aparıb”.

Tut tinglərinin əkilməsi prosesi sürətlə aparılmalıdır 

Prezident İlham Əliyev qeyd edib ki, indi daha da geniş planlar var: “Biz artıq bir kiloqram baramaya verilən məbləği də demək olar ki, üç dəfə artırmışıq. Əgər əvvəllər bir kiloqrama 3 manat verilirdisə, indi 8 manat verilir. Tut tinglərinin əkilməsi prosesi sürətlə aparılmalıdır. Mən maraqlanmışam və verilən məlumata görə, Azərbaycanda 354 min tut ağacı var. Amma bizim planlarımıza görə payız mövsümündə 1 milyon 600 min tut tingi əkilməlidir. Bu, nəticə etibarilə barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq. Əgər bu il 45 gündə insanlar 560 min manat pul alıblarsa, 2019-cu ildə 10 milyon manat pul alacaqlar. Dövlət, bax, bu işləri görür və görəcək. Ancaq mən kəndlərdə yaşayan vətəndaşlara da müraciət edirəm ki, siz də bu işlərə qoşulun. Bu, həm dövlət, həm də vətəndaşlar üçün çox yaxşı qazanc mənbəyi olacaq. Beləliklə, biz dünya bazarlarına öz ipəyimizlə daha geniş şəkildə çıxacağıq. Bu, həm Azərbaycanın tanıdılması, həm ipək kombinatının tam gücü ilə işləməsi, məşğulluğun artırılması üçün lazımdır. Eyni zamanda, insanlar pul qazanacaqlar, dövlət valyuta qazanacaqdır. Xarici valyuta Azərbaycana gələcəkdir. 

Tütün əkini geniş vüsət almalıdır

Tütünçülüyün inkişafına da çox böyük maraq olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, burada da cəmi bir il ərzində böyük işlər görülüb. 2015-ci ildə 1400 hektarda, bu il 2500 hektarda tütün əkilib və bu, daha da geniş vüsət almalıdır. Tütünçülük də çox gəlirli sahədir. Əfsuslar olsun ki, bu sahə uzun illər diqqətdən kənarda qalmışdır. İndi biz tütünçülüyü də bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar. Dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda, tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir və göstərəcəkdir.

Bu il 100 min, gələn il isə 300 min ton pambıq yığılması proqnozlaşdırılır

Prezident İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsi üçün görülən işlərə də toxunaraq qeyd edib ki, bu istiqamətdə ciddi addımlar atılıb: “Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq. Əfsuslar olsun ki, son illər ərzində bu sahə də tənəzzülə uğrayıb. Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Cəmi bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində biz 52 min hektarda pambıq əkinini təmin etmişik və bu il 100 min ton məhsul gözlənilir. Gələn il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq. Ona görə, hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək. Sovet dövründə çalışanlar yaxşı bilirlər ki, o vaxt hər hektarda minimum 2 nəfər işləyirdi. Əgər hər hektarda 2 nəfər işləsə, bax bu il 100 min nəfər işlə təmin olunur, gələn il 250 min nəfər işlə təmin olunacaq. Ancaq hesab edirəm ki, biz pambıqçılığı tam bərpa etməliyik. Gələn il gözlənilən 300 min ton son hədd deyil, daha da artırmalıyıq. Buna çox böyük maraq var və hazırda 24 rayonda pambıqçılıq inkişaf edir, insanlar çox razıdırlar, çox böyük minnətdarlıq bildirirlər. Mən bir daha demək istəyirəm ki, bu sahə prioritet sahə kimi qalacaq və burada ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir. Xüsusilə suvarma ilə bağlı tədbirlərin və meliorativ tədbirlərin görülməsi burada çox ciddi rol oynayacaq. Bununla bərabər, Maliyyə Nazirliyinə göstəriş verilmişdir ki, bu il texnikanın alınmasına böyük məbləğdə vəsait ayrılsın.

Ancaq texnikanın alınmasına iki il ərzində 360 milyon dollar, bu il isə 170 milyon dollar vəsait xərclənəcək. Baxmayaraq ki, biz valyutaya qənaət etməliyik, ancaq bu sahəyə vəsait qoymalıyıq ki, həm məşğulluq artsın, həm də bu, özünü doğruldacaq. Çünki satılan məhsul valyuta gətirəcək və beləliklə, bütün borclar bağlanacaq. Əlbəttə ki, texnikanın alınmasına sərf edilən vəsait də dövlətə qayıdacaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.