SİYASƏT
Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü ilə icra edilən tarixi layihədir
Bakı, 1 yanvar, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində Prezident İlham Əliyev 2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində atılmış önəmli addımlardan da bəhs edib.
AZƏRTAC xəbər verir ki, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu ilin əvvəlində ölkəmizin təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası Bakıda keçirilmişdir və iştirak edən bütün ölkələr və beynəlxalq təşkilatlar qəbul edilmiş yekun qətnamədə Azərbaycanın liderlik rolunu bir daha vurğulamışlar. “Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal, beynəlxalq enerji layihəsidir”.
Prezident İlham Əliyev vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” tarixi layihədir. Layihə icra olunandan, bütün işlər başa çatandan sonra Azərbaycan çox böyük mənfəət görəcəkdir. “Beləliklə, bu il proqram üzrə bütün işlər yüksək səviyyədə aparılmışdır və əminəm ki, bu nəhəng transmilli layihə vaxtında istifadəyə veriləcəkdir. Eyni zamanda, bu il bizim yeni qaz yataqlarımızdan çıxarılacaq qazın həcmi də müəyyən edilmişdir və beləliklə, “Cənub” Qaz Dəhlizini qidalandıracaq layihələr arasında təkcə “Şahdəniz” layihəsi deyil, eyni zamanda, “Abşeron” qaz yatağı da olacaqdır”, - deyə dövlətimizin başçısı bildirib.