RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Cənubi Sudan Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Telar Rinq Denq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Telar Rinq Denq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycanın Cənubi Sudanla əlaqələrinin başlanğıc mərhələdə olduğunu deyən dövlətimizin başçısı ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində təşəbbüslərin nəzərdən keçirilməsinin əhəmiyyətini vurğuladı. İkitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, enerji, ticarət, səhiyyə sahələrində inkişafı üçün imkanların olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imkanların araşdırılmasının önəmini qeyd etdi.

Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən Telar Rinq Denq bunun ölkəmiz ilə daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirdi. Azərbaycana ilk dəfədir səfər etdiyini deyən səfir Bakının gözəl şəhər olduğunu vurğuladı. Cənubi Sudanın dünya xəritəsində ən yeni ölkələrdən biri olduğunu xatırladan səfir Telar Rinq Denq ölkəsinin Azərbaycan ilə yaxşı ikitərəfli əlaqələr quracağına ümidvar olduğunu bildirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır