REGİONLAR


Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsinə 9 milyon manat ayırıb

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanılıb. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, ümumi sahəsi 3850 kvadratmetr olan 50 ev, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Cəbrayılın Cocuq Mərcanlı kəndinin bərpası Böyük Qayıdışın başlanğıcıdır. İyunun 14-də Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.

Dövlətimizin başçısı bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və Cocuq Mərcanlı kəndinin respublikamızın müxtəlif bölgələrində məskunlaşmış sakinlərinin öz doğma yurdlarına qayıtmaq barədə müraciətlərini nəzərə alaraq, iyunun 15-də imzaladığı Sərəncama əsasən Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayırıb.

Azğın düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı bu gün gözlərimiz önündə qısa bir zamanda bərpa olunaraq ikinci həyatına qovuşur. Bu, torpaqlarımızın azad olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və ardıcıl siyasətin məntiqi nəticəsi, Qarabağa Böyük Qayıdışın ilk müjdəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.