SİYASƏT


Prezident İlham Əliyev: Cocuq Mərcanlı kəndinin yenidən qurulması tarixi hadisədir

A+ A

Bakı, 30 yanvar, AZƏRTAC

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı imzaladığı Sərəncam barədə də danışıb. Dövlətimizin başçısı deyib ki, bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə öz sakinlərini qaytarırıq.

Azərbaycan Prezidenti Cocuq Mərcanlı kəndinin sakinlərinin bu qərara çox böyük həvəslə, böyük maraqla yanaşmasından şad olduğunu söyləyib, onların səbirsizliklə həmin günü gözlədiklərinə əmin olduğunu bildirib.

“Əminəm ki, biz qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq. İndi orada minalardan təmizləmə işləri aparılır. Televiziyada da o kəndin görüntüləri göstərilir. Bu kənd bir neçə ay işğal altında olub. Ondan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilib. İşğalçılar, düşmənlər o kənddən qovulublar. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə-yeksan etdilər. İndi əlbəttə ki, orada minalardan təmizləmə işləri aparılmalı, ondan sonra infrastruktur layihələri icra edilməlidir. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini oraya göndərsinlər. Görsünlər ki, erməni vəhşiliyi nədən ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.