SİYASƏT
Prezident İlham Əliyev: Daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər
Bakı, 15 mart, AZƏRTAC
Bizim ikitərəfli gündəliyimiz çox genişdir. Dünən MEDEF-də olarkən bir daha böyük qarşılıqlı marağı gördüm. İqtisadi əlaqələrimiz inkişaf edir. Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyublar və Azərbaycanda bir çox önəmli layihələrdə iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandla mətbuata birgə bəyanatında səsləndirib. Dövlətimizin başçısı Azərbaycanın kosmik sənayesinin inkişafında Fransa şirkətlərinin dəstəyini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti həmçinin qeyd edib ki, şəhər nəqliyyatı, nəqliyyat, infrastruktur, ekoloji layihələr və digər layihələr icra edilir. “Biz bu əməkdaşlıqdan çox məmnunuq. Fransa şirkətləri ilə keçirdiyim görüşlərdə onları bir daha inandırdım ki, Azərbaycanda xarici sərmayə üçün çox gözəl iqlim var. Eyni zamanda, Azərbaycanın iqtisadi potensialı artır. Beləliklə, daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Humanitar sahədə də əməkdaşlığın çox uğurlu olduğunu bildirən dövlətimizin başçısı bu haqda danışarkən bir məqamı xüsusi vurğulayıb: “Bizim Prezident Ollandla qəbul etdiyimiz qərarlardan dərhal sonra layihələr icra olunmağa başlayıb. Biz bunu məhz Fransa-Azərbaycan Universitetinin timsalında görürük. Qısa müddət ərzində - qərar qəbul olunandan bir neçə ay sonra artıq universitet öz qapılarını tələbələrin üzünə açdı. Bu universitetə çox böyük maraq var”.
İki ölkənin başqa sahələrdə də çox fəal əməkdaşlıq etdiyini deyən İlham Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinə də toxunub. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. “Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur. Biz müxtəlif layihələr icra edirik və onların arasında xüsusilə Cənub Qaz Dəhlizini qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir”, - deyə Azərbaycan Prezidenti bildirib.