RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini və bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini, ölkələrimizin bir-birini dəstəklədiyini vurğuladı. İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Azərbaycanın Gürcüstana investisiyalar yatırmasına və Azərbaycan şirkətlərinin Gürcüstanda fəaliyyətinə toxunan dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması yollarının müəyyənləşdirilməsinin vacibliyini də vurğuladı. Prezident İlham Əliyev qeyri-enerji, ticarət və digər sahələrdə də əlaqələrin genişləndirilməsi imkanlarının araşdırılmasının zəruriliyini qeyd etdi. Ölkələrimizin nəqliyyat, energetika sahələrində qlobal layihələri uğurla həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstanın digər tərəfdaşlarla birlikdə bu layihələrin reallaşmasında çox səmərəli yanaşma nümayiş etdirdiklərini bildirdi.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria Prezident İlham Əliyevlə görüşündən böyük şərəf hissi keçirdiyini dedi. O, Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.

İqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyən gürcüstanlı nazir bu ilin dörd ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin 49 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirdi.

Görüşdə ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin