SİYASƏT


Prezident İlham Əliyev Hacı Cavad məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin “Sovetski” adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin münasibəti barədə AZƏRTAC-a açıqlama verib.

Əli Həsənov deyib ki, hələ aprel ayında Prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlmişdir ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlətimizin başçısına məruzə olunmuşdur.

Komissiyanın qənaətinə uyğun olaraq, Prezident İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar vermişdi.

Əli Həsənov onu da bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılmış, müvafiq tikinti işlərinə başlanmışdır.

Lakin bəzi vəzifəli şəxslər cənab Prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar qəbul etmişlər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş vermişdir.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.