İQTİSADİYYAT
Prezident İlham Əliyev: Hər bir rayonda sənaye zonası yaradılmalıdır
Bakı, 28 yanvar, AZƏRTAC
Keçən il Azərbaycanda "Sənaye ili" elan edilmişdir. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq. Çoxsaylı sənaye müəssisələri yaradılıbdır. Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq yaxın zamanlarda bu proses də başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunları Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində söyləyib.
Azərbaycanda texnoparkların yaradıldığını və bu prosesin sürətlə getdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, sənaye klasterləri yaradılır: “Böyük, nəhəng sənaye obyektləri tikiləcəkdir. Xüsusilə mən burada metallurgiya kompleksinin tikintisini qeyd etmək istəyirəm. Çünki bu, bir növ bizim üçün yeni sənaye sahəsi olacaq ki, bunun da xammal, resurs bazası var, ixrac imkanları da kifayət qədər genişdir. Ona görə bu sahəyə dövlət investisiyaları qoyulur. O sahələr ki, ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və o sahələr ki, öz növbəsində, həm ixrac potensialımızı artıracaq, eyni zamanda, özəl sektorun fəaliyyətinə təkan verəcək, o sahələrə dövlət investisiyalar qoyur, qoymalıdır. Çünki böyük metallurgiya kompleksinin işə düşməsi nəticəsində minlərlə şirkət, özəl şirkət yaranacaq ki, orada hazırlanan məhsullardan son məhsulu Azərbaycanda istehsal etsin və biz idxaldan asılılığımızı azaldaq”.
Prezident çıxışında qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə bizim əsas sənaye şəhərlərimizdir. Eyni zamanda, Mingəçevir də böyük sənaye şəhərinə çevrilməlidir. Sumqayıt, nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Gəncə şəhəri isə əminəm ki, gələcəkdə Cənubi Qafqazın üçüncü böyük sənaye şəhərinə çevriləcəkdir. Bu məqsədlər üçün lazımi tədbirlər görülür.