RƏSMİ XRONİKA


Prezident İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Cavad Cahangirzadə fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Cavad Cahangirzadə etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə İran arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlətimizin başçısı əlaqələrimizin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirdi. Bunun da öz növbəsində hər iki dövlət başçısının niyyətinin göstəricisi olduğunu vurğulayan Prezident İlham Əliyev İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların önəmini qeyd etdi, ölkəmizin İranla dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlı olduğunu dedi. Cavad Cahangirzadəyə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı səfirin Azərbaycan-İran ikitərəfli əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Cavad Cahangirzadə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, Prezident Həsən Ruhani onun ən yaxın dostlarından və qardaşlarından birinin Prezident İlham Əliyev olduğunu dedi. Azərbaycan ilə İran arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hər iki ölkənin prezidentinin siyasi iradəsini əsas götürəcəyini deyən Cavad Cahangirzadə bunun üçün ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini və bu baxımdan Prezident İlham Əliyevin hərtərəfli dəstəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusən təhlükəsizlik, nəqliyyat, infrastruktur layihələri, kənd təsərrüfatı, turizm kimi sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran İslam Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır