RƏSMİ XRONİKA


Prezident İlham Əliyev İsveçrənin maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də İsveçrə Konfederasiyasının maliyyə naziri Ulrix Maurerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İsveçrə Konfederasiyasının maliyyə naziri Ulrix Maurer ölkəmizə səfərinin məqsədi və keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi. İsveçrə-Azərbaycan münasibətlərinə toxunan qonaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətinin önəmini qeyd edərək, ölkələrimiz arasında mövcud olan yaxşı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi.

Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında çox səmərəli ikitərəfli əlaqələrin mövcudluğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu dedi. Enerji sahəsində əməkdaşlığa toxunan dövlətimizin başçısı İsveçrə Konfederasiyasının TAP layihəsinə verdiyi dəstəyin önəmini qeyd etdi.

Prezident İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində aktiv fəaliyyətini yüksək qiymətləndirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır