RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Kürdəmir-Ucar-Yevlax avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib [YENİLƏNİB] VİDEO

A+ A

Kürdəmir, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevirə səfərə gedərkən yolüstü Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, istər şərq-qərb, istərsə də şimal-cənub istiqamətlərində beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən müasir səviyyədə yenidən qurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son illər birinci texniki dərəcəli yolların uzunluğu 500 kilometrə qədər artıb.

Beynəlxalq miqyaslı böyük İpək Yolunun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun uzunluğu 503 kilometrdir. Magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax, Yevlax-Gəncə hissələrinin birinci texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Yolun Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrində yenidənqurma tədbirləri avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmadan yerinə yetirilib, bütün işlər beynəlxalq tikinti normalarının tələblərinə uyğun keyfiyyətlə aparılaraq həmin hissələr istismara hazır vəziyyətə gətirilib. Yaxın gələcəkdə isə magistralın Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi hissəsinin də yenidən qurulmasına başlanılması planlaşdırılır. Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən reallaşdırılan Kürdəmir-Ucar-Yevlax–Tərtər avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 87,8 kilometr uzunluğunda olan yolun Kürdəmir-Ucar-Yevlax hissəsi iki zolaq əlavə edilməklə birinci texniki dərəcəyə təkmilləşdirilib. Layihəyə əsasən yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 13,75 metr olmaqla, ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-betondur. Yol yatağının qalınlığı hamarlayıcı qat 30 santimetr, əsasın alt layı 25 santimetr, əsas lay 20 santimetr olmaqla, ümumilikdə 75 santimetrdir. Asfalt-beton örtüyü isə üç qat olmaqla, qalınlığı 25 santimetr təşkil edir.

Layihə çərçivəsində 4 yol qovşağı və su üzərində 5 hidravlik körpü inşa olunub. Bundan başqa, yolda 25 yeraltı keçid, 39 düzbucaqlı drenaj qurğusu, 124 suötürücü boru və 16 avtobus dayanacağı tikilib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır